Bayraq Şeiri
Yazar: Bəxtiyar Vahabzadə
Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası-bayraq.
Zəfərdən doğulmuş Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq.
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.
Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başına tac olan hilal.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.
Zəfər yazan bayrağım Şeiri
Yazar: Ağayeva Şəlalə Nadirqızı
Qüruru vüqarı şərəfi ilə
Dastanlara başlıq yazan bayrağım
Igidlər qoynunda zirvəyə qalxıb
Ürəklərdə oxunan azan bayrağım
Səninlə var olduq biz bütöv olduq
Səninlə düşməni biz viran qoyduq
Nifrətdən qəzəbdən biz cana doyduq
Tarixin qan ilə yazan bayrağım
Gözümün nurusan canımın qanı
Oyatdın qəlbimdə susan kamanı
Tanıtdın dünyaya Azərbaycanı
Haqqa qovuşduran mizan bayrağım
ÜÇRƏNGLİ BAYRAQ ŞEİRİ
Yazar: Rafiq Yusifoğlu
Bu üçrəngli bayrağım
Gözümün işığıdır.
Azadlıq yağışından
Doğan göy qurşağıdır.
Üstündəki ay-ulduz
Gəlir mənim xoşuma.
Ay üzüyə bənzəyir,
Ulduz onun qaşına.
Üçrəngli bayraq bizə
Təsəllidir, dayaqdır,
Yolumuzun üstünə
İşıq saçan mayakdır.
Azərbaycan bayrağı Şeiri
Yazar: Ramiz Qusarçaylı
Dalğalan üçrəngli bayraq,
Zəngilanda,Fizulidə,
Xankəndi, Şuşa, Laçında,
Qubadlıda, Kəlbəcərdə.
Dalğalan üçrəngli bayraq,
Qədim Şuşa qalasında,
Cəbrayıl, Xocavənd, Ağdam,
Ağdərənin səmasında.
Dalğalan üçrəngli bayraq,
Qarabağın hər yerində,
Səni şəhidlər, qazilər,
Daşıyıblar sinəsində.
Dalğalan üçrəngli bayraq,
Qəhrəmanlar ölkəsində,
Sən dalğalan, qoy şəhidlər,
Rahat yatsın kölgəsində.
Dalğalan üçrəngli bayraq,
Zəfərlər yaraşır sənə.
Sən dostlara güvən verib,
Qorxu saçırsan düşmənə.
Şöhrətin dillər əzbəri,
Diyar-diyar dolaşırsan.
Üçrəngli, şanlı bayrağım,
Zirvələrə yaraşırsan.
Üçrəngli Bayraq Şeiri
Yazar: Dünyamin
Göylərə yüksəlib üçrəngli bayraq,
Onu ucalardan enməyə qoyma!
Qəlbimin başında qığılcım yanar,
Ey Vətən, sən onu sönməyə qoyma!
Oğullar sıyrılsın qınından yenə,
Keçsinlər ürəklə canından yenə.
İçsinlər düşmənin qanından yenə,
Alçağı qalxmağa, dinməyə qoyma!
Göylər mavi rəngli tül, ipək olsun,
Dünya al geyinsin, gül-çiçək olsun!
Ömür yaşıl donlu gələcək olsun,
Milləti bu yoldan dönməyə qoyma!
Sınmarıq milləti sındıranlara,
Qəhr olsun ümidi donduranlara!
Eşq olsun gur işıq yandıranlara,
İşığı zülmətə yenməyə qoyma!
Gəlir babalardan haraylı bir səs,
“Yüksələn bir bayraq bir daha enməz!”
Azadlıq eşqimiz tükənərmi bəs?!
Ya Rəbbim, bu eşqi sönməyə qoyma!
Bayrağıma bürünər şeiri
Yazar: Həsənov Tofiq
Göylərin rəngini çəkib canına,
Aydın səma bayrağıma bürünər.
Min bir nəğmə qoşub onun şəninə,
Nəğməli dil bayrağıma bürünər.
Mavi səmalara bənzər göy rəngi,
Lalədən rəng alıb, qırmızı rəngi,
Yaşıl rəng veribdi ona ahəngi,
Ayla ulduz bayrağıma bürünər.
Dalğalan əbədi bu el, bu yurdda,
Dalğalan zirvədə, başı buludda,
Görsə, fəxr eləyər, Dədə Qorqud da,
Sazı, sözü bayrağıma bürünər
Ər igidlər – Vətən qədri bilənlər,
Qeyrət ilə uzun ömür sürənlər,
Vətən üçün canlarından keçənlər,
Şəhid olub bayrağıma bürünər.
Ən gözəl 9 bayraq şeiri | Bayraq şeirləri
Bənzər şeirlər:
Bayrağım Şeiri
Yazar: Sabir Rüstəmxanlı
Başımızın üstündə dalğalanan, dev bayrağım!
Yarı torpaq, yarı göy, yarı alov bayrağım!
Dalğalan, qoy havanla Bakımız küləklənsin,
Düşmənin gözü çıxsın, sevənlər ürəklənsin!
Bu məğrur ucalıqda tarixin ərintisi,
Səni kəfən yerinə geyənlərin gur səsi!
Səni ümid yerinə qəlbində gizləyənlər
Əsarətin, işğalın sonunu gözləyənlər,
Səni namus səngəri, Səni qutsal əmanət,
Səni ocaq sayaraq gizli əzizləyənlər,
Dərindən nəfəs alıb dincəlsinlər süsündən.
Sənə əyri baxanlar dağlansınlar gözündən…
Hava tutqun olanda Ayı çək qucağına,
Ulduzun işıq səpsin yurdun hər bucağına!
Mavi – türklük şərəfim, varlığımız əbədi!
Yaşıl – dinim, imanım, Sevgimizin Məbədi!
Qırmızı da al qanım, axdı vətən yolunda,
Əsarət zəncirini atmaq üçün qolumdan!
Ucal başımız üstə, ruhumuz kimi ucal!
Qanadlanan eşqimiz, duyğumuz kimi ucal!
Dünən səni cıraraq ayaqlara atanlar
Qızıldan tökdürərək oxşasın sinəsində!
Xəzər səndən rəng alsın, sən Xəzərdən coşqunluq.
Yurdumun üzü gülsün bu birlik nəğməsindən!
Sən Günəşə qalxsan da, bu torpaqdı beşiyin,
Daha sənə əl çatmaz dursalar da, qəsdində.
Bu gün azadlığımsan Bakının göylərində,
Sabah da bütövlük ol, ucal Təbriz üstündə!
AZƏRBAYCAN BAYRAĞI Şeiri
Yazar: Samin Məmmədov
Azəri xalqının əsarət çağı,
Azadlıq yolunda ən ilk sınağı,
Göylərə ucalan üçrəng bayrağı
Bir kərə yüksəlib bir daha enməz!
Yolumuz bağlıykən qapı açanda,
Qaranlıq yollara işıq saçanda,
İlk dəfə o bayraq Azərbaycanda
Bir kərə yüksəlib bir daha enməz!
Özünə ar bilib əzab, zilləti,
İstiqlal yoluna çəkdi milləti.
Ölkənin namusu, xalqın qeyrəti
Bir kərə yüksəlib bir daha enməz!
Yurdunun üzünü eyləyibdir ağ,
İgidlik rəmzidir sönməz bu çıraq.
Al-əlvan rəng ilə parıldayaraq
Bir kərə yüksəlib bir daha enməz!
Yaşa, sən ey bayraq, min illər yaşa!
Qoy, aləm eyləsin sənə tamaşa!
Düşmənlə qorxmadan girib savaşa
Bir kərə yüksəlib bir daha enməz!
Rəbbimiz Allahdır, İslam dinimiz,
O dahi Məhəmməd peyğəmbərimiz.
Ətimiz alışıb yansa, dərimiz
Bir kərə yüksəlib bir daha enməz!
Sən ata mirası, ana yaylığı,
Eyləyər qoynunda Türk qoçaqlığı,
Xalqın varlığıdır onun varlığı.
Bir kərə yüksəlib bir daha enməz!
Xalqımız qoruyar onu, çəkinməz!
Müstəqil yolundan bir an da dönməz!
Günəştək parıldar o bayraq sönməz!
Bir kərə yüksəlib bir daha enməz!
Axtarış sözləri: bayraq uşaq şeiri,üçrəngli bayraq haqqında şeir,bayraq serleri,bayraq seiri,bayraq seiri yazili,uşaqlar üçün bayraq şeiri,bayraq haqqinda seir,bayraq gününə aid şeirlər,bayrağa aid şeirlər,bayraga aid seirler azerice,bayraq haqqında şeirlər