Şeirlər

Bilik gününə aid şeirlər

Bilik gününə aid şeirlər, 15 sentyabr bilik gunu seirleri

“Müəllim” şeiri

Yazar: Rafiq Yusifoğlu.

Müəllimdən öyrəndik
Oxumağı, yazmağı,
Qəlbimizin səsinə
Hər an qulaq asmağı.

O, yeni həyat verir
Hər kəlməyə, hər sözə.
Yerin, göyün sirrini
Odur öyrədən bizə.

Müəllim göstərir ki,
Nə düzdür, nə əyridir.
O bizə ləyaqətlə
Yaşamağı öyrədir.

Hamımıza sevdirir
Ana yurdu o insan.
Qəlbimizdə həmişə
Yanan nurdu o insan…


“Biz məktəbə hazırıq!” Şeiri

Yazar: Həqiqət Rzayeva

Məktəbə gedəcəyik,
Bizdə səhərdən.
Ayrılmarıq bircə an,
Kitab-dəftərdən.

Ana Vətən yazırıq
Biz məktəbə hazırıq!

İncitmirik heç kəsi,
Dostumuzdur uşaqlar.
Uğurlu yol söyləyir,
Sevimli oyuncaqlar.

Ana Vətən yazırıq,
Biz məktəbə hazırıq!

Sevəcəyik məktəbi,
Sevəcəyik bağça tək.
Bizə ümid bəsləyir,
Vətən böyük gələcək.


Ana Vətən yazırıq,
Biz məktəbə hazırıq!


“Müəllim” şeiri

Yazar : Bəxtiyar Vahabzadə

Ey hörmətli müəllim,
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə
Sənin meyvələrin var.

Əkdiyin ağacların
Gülü, çiçəyi solmaz.
Dünyada sənin kimi
Barlı bağban tapılmaz.


“Mən məktəbə gedirəm” şeiri

Yazar : Rafiq Yusifoğlu



Mən məktəbə gedirəm,
Təptəzə dostlarım var.
Çantamda dəftər, kitab,
Ürəyimdə arzular.

Mən məktəbə gedirəm,
Güc gəlir qollarıma.
Mənim ilk müəllimim
Göz dikib yollarıma.

Mən məktəbə gedirəm,
Sevinir, ellər gülür.
Qanadım yoxdur uçam,
Əlimdə güllər gülür.

Mən məktəbə gedirəm,
Ah çəkir yoldan ötən.
Övladların boy atır,
Gözlərin aydın, Vətən!

Tavsiye Konular

“Kitab” Şeiri

Yazar: Xanımana Əlibəyli

İnsanlar çəkdi zəhmət,
Günü-günü qatdılar
Dünyada gözəl nemət
Kitabı yaratdılar.

Neməti təbiətin
Gün kimi işıq açdı.
Həyatda hər sənətin
Sirrini bizə açdı.

O hər zaman cavandır
Yaşı ötsə də mini,
Bizə neçə zamandır
Öyrədir Nizamini.

Çevrilib çox dillərə
Sanki sirrdir hər biri,
Yol tapıb könüllərə
O sevdirdi Sabiri.

Durub iki qəhrəman
Dolabda qoşa-qoşa.
Baxır cürətli Cırtdan
Cəsarətli Qavroşa.

Kitab sanki bir quşdur,
Mizin üstə qonmuşdur.
Kitaba salsan meyil
Səndən ayrılan deyil.


“Birinci Zəng” Şeiri

Yazar: Hikmət Ziya

… Sentyabr səhəri!
Məktəbə yollanıram.
Bir işıqlı binanın
Yanında dolanıram.

Yenə qulaqlarıma
O mehriban səs gəlir.
Gözlərimə gur işıq
Qəlbimə həvəs gəlir.

Odur, doğma məktəbin
İlk zəngidir dil açan!
Odur, hər xoş nəğmədən
Daha əziz, mehriban.

İlk zəng!.. Yenə də səslən
Ürəkləri oxşa sən.
Sinfə çağır sən bizi,
Gəlirsən çox xoşa sən.

Bir an unutmaz səni,
Qələm tutan, söz yazan.
Sən elmin yollarında
Yorulmaz nəğməkarsan!


“Məktəb yolları” Şeiri

Yazar: Xanımana Əlibəyli

Yollar dünyada çoxdur,
Sayı-hesabı yoxdur:
Bostan yolu, bağ yolu,
Aran yolu, dağ yolu…

Bir yol var ki, dünyada
Onu getmirsən hədər.
Həmişə düşür yada,
Qoca olana qədər.

Bax uşaqla doludur,
Bu yol məktəb yoludur.


“İlk dərs” şeiri

Yazar: Bəxtiyar Vahabzadə.

Bu gün yeni dərs ili
Başlanır… səhər-səhər
Məktəblərə yollanır
Al yanaqlı körpələr.

O dalında çantası
Gedən uşağa bax bir
O da, görəsən, belə
Məktəbəmi tələsir?

Sevinc sığışmır onun
Bugünkü hər anına.
Bu gün ayaq basacaq
Məktəb pilləkanına.

Bəli, bəli gör necə.
Sevimlidir, o bu gün.
Həyatında ilk dəfə
Gedir bir məqsəd üçün.

Pillələri aramla
Qalxır tək-tək yuxarı.
Həyatda da o belə
Yüksələcək yuxarı.

Bu qədəm ilk qədəmdir.
Arzular üçün ona.
Bu qədəm son qədəmdir
Şıltaq uşaqlığına.

Zəng çalınır… uşaqlar,
Bir-bir dolur sinifə.
Bu qəribə zil səsi
O eşidir ilk dəfə.

Bu səs onu çağırır
Düşünməyə, duymağa.
Bu səs onu aparır
Səadətli bir bağa.

Bu səs gör bir nə deyir:
“qədrini bil hər günün”
Bu gün gördüyü hər şey,
Yenidir onun üçün.

Dərs qutarır, dağılır
Evlərinə uşaqlar.
O da gedir, üzündə
Yeni bir nəşə çağlar.

Sən bu gün “A” səsini
Öyrənmisən a bala,
Onu sev, sən onunla
Yetəcəksən kamala.

Müqəddəsdir, əzizdir
Sən sev bu “A” səsini.
Bu səslə yazacaqsan
Sən “ana” kəlməsini.

Biz ilk qələm tutanda
Bu kəlməni yazırıq.
“ana vətən” deyərək
Ölməyə də hazırıq.

Bizim ilk dərsimiz də
Ana ilə başlanır.
Son dərsimiz ananın
əlilə alqışlanır.

Ana, vətən deməkdir
Quzum, sev bu vətəni.
Vətəndir məktəb açıb
Bu gün oxudan səni.


Bənzər şeirlər:

Axtarış sözləri: bilik gününə aid şeirlər, bilik gunune aid seirler yazili, 15 sentyabr bilik gunu haqqinda seirler, bilik gününə aid şeir bilik gunu haqqinda seir

İçeriğe oy ver!

You may also like...

1 Comment

  1. Yalquzaq says:

    Əla

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir