Bəxtiyar Vahabzadənin bir-birindən gözəl şeirləri
Ana Hədiyəsi Şeiri
Anam namaz üstə əl açıb göyə
Allaha yalvarır “ya rəbbim! – deyə:
— Sənsən xəlq eliyən göyləri, yeri,
Candan şirin olur bala, ay Allah.
Sən mənim ömrümdən kəsib illəri,
Balamın ömrünə cala, ay Allah!
Bu nədir? Arzuya, diləyə bir bax,
Gör bir nələr keçir ana qəlbindən?
Çoxdur bu dünyada hədiyyə… ancaq
Ömürdən hədiyyə görməmişəm mən.
İstərəm, bir ana, bir bala sözü
Lüğətdə sözlərin önündə gedə.
Uca olduğundan ananın özü
Ucadır, böyükdür hədiyyəsi də.
Çoxdur hədiyyələr insan adına:
Qiymətli ziynətlər, qiymətli daşlar.
Ana həyat verir öz övladına,
Həm də öz ömründən ömür bağışlar.
Qızıma Şeiri
Gəlirsən, gedirsən…
Gözüm önündə,
Bilmirsən nə sorur, nə deyir atan.
Üzündən, gözündən,
Hər bir sözündən
Qəlbini oxumaq istəyir atan.
Gəlirsən, gedirsən… heç nə
sormuram,
Baxışlar danışır, baxışlar ancaq.
Bilmək istəyirəm, a mənim balam,
Səni isidirmi qonduğun budaq?
Qınama, bələdəm mən bu həyata,
Kim çərxi geriyə döndərə bilmiş?
Övlada qızıldan təxt verər ata,
Qızıldan bəxtini kim verə bilmiş?
Gəlirsən, gedirsən.
Dəyişmiş bizim
Sözümüz, sorğumuz…
Bu sən,
bu da mən
Elə gəlirsən ki, elə bil, qızım,
Bu evdə doğulub böyməmisən.
Bir az yad olmusan,
Bir az utancaq,
Əvvəlki ərkini istərəm yenə.
Gələndə qonaqsan, gedəndə
qonaq,
Nə tez özgələşdi bu ocaq sənə?
Sənin xislətin də nə tez dəyişdi,
Demə gileyliyəm, yox, yox, şadam
mən,
Sev ki, seviləsən…
Bizimki keçdi,
İndi sənin üçün narahatam mən.
Qoru hər ləkədən məhəbbətini,
Hər yerdə,
həmişə,
hər zaman, qızım.
Arxan-ata evi…
Səadətini
Yalnız ər evində tapasan, qızım.
Yaman Darıxmışam Şeiri
Yaman darıxmışam səninçin, yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan,
Sevgini gizlətmək mahalmış, demə!
Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı, bu necə haydı?
Öhdəmdən gələrdim… Gözüm üzünə,
Qulağım səsinə darıxmasaydı…
Elə bil hər yerdən üzülüb əlim…
Mən azıb qalmışam qəm dərəsində.
Dirilib yaşanır sənli günlərim
Sənsiz günlərimin xatirəsində.
Yaman darıxmışam… Bu nədir yenə
Ağlım sağa baxır, ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə
Qonub sən gedəli sən gələn yola.
Yaman darıxmışam… Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı, mən darıxmağı
Zamana ən uzun ölçü sanardım.
Yuxuma gəlmişdin…Qısıldıq küncə.
Danışdıq…Yel əsdi…Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,Səni görüncə
Sənin işığında yox oldu kölgəm.
Ağıl başqa, ürək başqa şeiri
Ağıl başqa, ürək başqa
Bir-birinə bənzəsə də,
Yel başqadır, külək başqa.
Ətri də xoş, rəngi də xoş
Gül başqadır, çiçək başqa.
Hər diki yoxuş bilmə, gəl,
Hər meyi meyxoş bilmə, gəl.
Hər uçanı quş bilmə, gəl
Quş başqadır, böcək başqa.
Hər dərdinə ortaq mənəm,
Hər ağrını tən bölənəm,
Sən çəkənsən, mən gələnəm
Gəmi başqa, yedək başqa.
Haqqın yolu-öz yolumdur,
Əyilməyən düz yolumdur,
Xeyirlə şər sağ – solumdur
Şeytan başqa, mələk başqa.
Bir diləyə mən calandım,
Gah qazandım, gah talandım,
Ömrüm boyu haçalandım
Ağıl başqa, ürək başqa.
Dilək oldu mənim adım,
Pərvazlandı qol-qanadım,
Ҫatmadı səbrim, inadım
Əməl başqa, dilək başqa.
Sevgi Şeirləri , Sevgiyə aid şeirlər (oxubil.info)
Kitab Şeiri
Kitab böyük müəllimdir,
Sinəsində min aləm var.
O səni bir insan kimi
Gah güldürər, gah ağladar.
Dili yoxdur, o danışır,
Hər bir şeydən xəbər verir.
Ata kimi sənə bəzən
Kitab doğru yol göstərir.
Bu dünyanın hər sirrini
Bizə deyir bu kitablar.
Ömrümüzün yollarına
Nur çiləyir bu kitablar.
Vətən var şeiri
Hardaysa bu
dəmdə
Dəryada batan var.
Vardırsa köməksiz
Fəryada çatan
var.
Dünyada alandan
Əvvəlcə satan var.
Atəş öz-özündən
Birdən-birə
yanmır.
Bir şey bu cahanda
İzsiz və səbəbsiz
Bihudə
yaranmır.
Vardırsa, yaranmış,
Mütləq yaradan var.
Varsansa…
özündən
Əvvəlcə atan var.
Dünya quru bir səs,
Qəm
çəkməyə dəyməz.
Yüz-yüz itən olsun,
Min-bir də bitən var.
Şükr
eyləyəlim ki,
Bizlərdən həm əvvəl,
Həm sonra Vətən var.
Bayraq şeiri
Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası – bayraq.
Zəfərdən doğulmuş, Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq.
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.
Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.
Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başıma tac olan hilal.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.
Yalan Dünya Şeiri
Gah başıma tumar çəkən,
Gah ilantək çalan dünya.
Gah sinəmə dağlar çəkən,
Gah könlümü alan dünya.
Gah dağılan, gah qurulan,
Bəzən açan, bəzən solan,
Gələnləri yola salan,
Özü baqi qalan dünya.
Bir yanda at, bir yanda ot,
Solu günəş, sağı bulud.
«Dovşana qaç, tazıya tut»-
Deyən köhnə filan dünya.
Min rəngi var, min donu var,
Neçə — neçə oyunu var,
Nə əvvəli, nə sonu var,
Yalan dünya, yalan dünya!
Bənzər şeirlər:
- Vətənpərvər şeirlər, Vətənpərvərlik haqqında şeirlər
- Ulu Öndər Heydər Əliyev Haqqında şeirlər,
- Şəhidlərə aid şeirlər
Axı Dünya Fırlanır Şeiri
Vaxtın dəyirmanında daş əridi, qum oldu,
Tarixə atdığıımız qayıtdı, lüzum oldu.
Dünənin həqiqəti bu gün tərs yozum oldu,
Niyə də yozulmasın, axı, dünya fırlanır.
Çox ovlaqlar içində çox ovları ovladım,
Aşıb-daşan arzumu mən artıq cilovladım.
Mən atamı ötmüşəm, məni ötür övladım,
Bu, belə də olmalı, axı, dünya fırlanır.
Dünən düz sandığımı bu gün əyri sanıram.
Bəzən olur, özümdən özüm oğurlanıram.
Hər il başqa arzunun başına fırlanıram,
Niyə də fırlanmayım, axı, dünya fırlanır…
Çox əyilən görmüşəm, əyilməyən başları.
Sular duruldu, gördük dibindəki daşları
Ünvanmı dəyişdi dünənin alqışları;
Niyə də dəyişməsin, axı, dünya fırlanır…
Necə dönür bu dövran, necə dönür bu gərdiş,
Tazılarm üstünə dovşanlar da gülərmiş.
Dünya bina olandan hər şey dəyişilərmiş,
Dəyişməsin neyləsin, axı, dünya fırlanır.
əbədini dünyada mən əbədi sanmadım,
Bir atəşə tutuşdum, min atəşə yanmadım,
Bütlər gəldi və getdi, birinə inanmadım
Niyə inanmalıyam, axı, dünya fırlanır.
Fırlandıqca bu dünya, yox da dönüb var olur,
Quruyan çeşmələrdən sular yenə car olur.
Bu dünyanm xeyri də, şəri də təkrar olur,
Niyə təkrar olmasın? Axı, dünya fırlanır.
Min-min illər bu dünya beləcə fırlansa da,
Bir yuvanın bülbülü min budağa qonsa da,
Aylar, illər, fəsillər bir-birini dansa da,
Dəyişməzdir əqidəm, çox da dünya fırlanır,
Nə qədər istəyirsə, min o qədər fırlana,
Qarşıma gah şər çıxa, gah xeyir dığırlana.
Çərxi-fələk istəyir lap dolana tərsinə,
əqidəmi heç nəyə dəyişmərəm mən yenə.
Allah şeiri
İdraka yol açmış gecədən gündüzə ALLAH!
Güldürməsən öz könlünü gülməz üzə ALLAH!
Dünyaya şəfəqlər kimi tanrım səpələnmiş.
Qəlbin gözü yanmazsa görünməz gözə ALLAH!
ALLAH bilirik cismi deyil, bəs nədir ALLAH?
Ən yüksək haqda olan həqiqətdir ALLAH!
Dondunsa təkamülcə gözəllik qabağında.
Dərk et, bu təəccübdə, bu heyrətdədir ALLAH.
Bildik, bilirik gizlidir insandakı qüdrət.
Hər kəs onu fəhm etməsə acizdir o əlbət.
İnsanın əzəl borcudur insanlığa hörmət.
İnsanlığa hörmətdə, ləyaqətdədir ALLAH!
Fitrətdə yatır sözdə sözün öz yükü fikrim.
Seçmiş, seçəcək daima tükdən tükü fikrim.
Mən bir ağacam yarpağı sözlər, kökü fikrim.
Sözlərdə deyil, sözlərdəki hikmətdədir ALLAH!
İnsan! – Təpədən dırnağa sən arzu- diləksən.
Nəfsində doyumsuz, fəqət eşqində mələksən.
Zülmün üzünə haqq deyilən şilləni çək sən.
Şillən də möhürlənmiş o qeyrətdədir ALLAH!
Cahil enər alçaqlığa öz qəddini yenməz.
Vicdandan əgər dönsə də, öz xeyrindən dönməz.
Zülmətdə, cəhalətdə, ədavətdə görünməz.
İlqarda, sədaqətdə, məhəbbətdədir ALLAH!
Bəxtiyar Vahabzadə Şeirləri
Ana dili şeiri
Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
Bizim uca dağların sonsuz əzəmətindən,
Yatağına sığmayan çayların hiddətindən,
Bu torpaqdan, bu yerdən,
Elin bağrından qopan yanıqlı nəğmələrdən
Güllərin rənglərindən, çiçəklərin iyindən,
Mil düzünün, Muğanın sonsuz genişliyindən,
Ağsaçlı babaların əqlindən, kamalından,
Düşmən üstünə cuman o Qıratın nalından
Qopan səsdən yarandın.
Sən xalqımın aldığı ilk nəfəsdən yarandın.
Ana dilim, səndədir xalqın əqli, hikməti,
Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.
Ürəklərə yol açan Füzulinin sənəti,
Ey dilim, qüdrətinlə dünyalara yol açmış.
Səndə mənim xalqımın qəhrəmanlıqla dolu Tarixi varaqlanır,
Səndə neçə min illik mənim mədəniyyətim,
Şan- şöhrətim saxlanır.
Mənim adım-sanımsan,
Namusum, vicdanımsan!
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!
Vətən Şeiri
Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
Sənin öz dövlətin, öz millətin, öz cəddin var
Vətən uğrunda ölənlər ölümündən doğular.
Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik
Biz Vətən naminə ölsək, dirilərdən diriyik.
Mənim öz ulduzumu bağrına basmış hilalım,
Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım”.
Sən bu gül bayrağın altında məramınca yaşa,
Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.
Sənin öz bayrağının kölgəsi cənnətdi sənə,
Günəş hər gün doğur ancaq içimizdən Vətənə.
Bizim iqbalımızı yazdı qılıncın kəsəri,
Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.
Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,
Ər oğullar, ər igidlər, kişi – qızlar Vətəni.
Sənin haqqındır azadlıq, sənin eşqindir iman,
Tapmar haqqa və insanlığa haqqdan doğulan.
Bəşərin dərdini öz dərdi bilib millətimiz.
Bizim öz niyyətimizdən doğub hürriyyətimiz.
Gecələr yatmadan əvvəl sor özündən ki:
“Bu gün Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?”
İnsan Kimi Saxla Məni Şeiri
Ulu tanrı, köməyim ol,
Arzuma adaxla məni.
Məni insan yaratmısan,
İnsan kimi saxla məni.
Göl olmuşam dama-dama,
Məlhəm qoyma sən yarama.
Bu sevdaya bu mərama
Daha betər bağla məni.
Fikirlərim qatar-qatar,
Biri atar, biri tutar.
Yaxınlara əlim çatar,
Qovuşdur uzaqla məni.
Dünənimi dana-dana
Göz dikirəm gündoğana.
Əgər gündə bir zindana
Çəkic vursam, ağla məni.
Ey ümidim, ey gümanım,
Sözüm haqsa, necə danım?
Qurban olsun haqqa canım,
Nahaq işdən saxla məni.
Soruşdular: Kimdir mənim
Yaxşıma da pis deyənim?
Həm dostum, həm də düşmənim
Göstərdi barmaqla məni.
Axtarış sözləri:bəxtiyar vahabzadə ana şeiri,bəxtiyar vahabzadənin şeirləri,bəxtiyar vahabzadə allah şeiri,bəxtiyar vahabzadə şeirləri,bəxtiyar vahabzadə kitab şeiri, bextiyar vahabzade seirleri,bextiyar vahabzade insan seiri,bextiyar vahabzade ana seiri,bayraq haqqinda seir bəxtiyar vahabzade,bextiyar vahabzade veten haqqinda seirler,bextiyar vahabzade ana dili seiri haqqinda,bextiyar vahabzade sevgi seirleri,bextiyar vahabzade vetene aid seirler
[…] Bəxtiyar Vahabzadə Şeirləri […]