Şeirlər

Azərbaycana aid şeirlər

Azərbaycana aid şeirlər, Azerbaycan haqqinda seirler

Azərbaycan şeiri


Nəfəsimiz Babəklərin,
Sabirlərin od nəfəsi.
Mahnımızda yaşar bizim,
Babaların ayaq səsi.
Azərbaycan, Azərbaycan.
Azərbaycan, Azərbaycan.


Biz tarixə sığınmadıq,
Dünən vardıq, bugün varıq.
Biz dostluğa güvənərək,
Gələcəyə addımladıq.
Azərbaycan, Azərbaycan.
Azərbaycan, Azərbaycan.


Azərbaycan, Azərbaycan.
Yaşa, yaşa, Azərbaycan.

Müəllif: B.Vahabzadə


Azerbaycan seiri

Ay-ulduzlu bayrağın var,
Qədim, ulu torpağın var;
Özün boyda çırağın var,
Əsrlərdən sorağın var!

Əsirgəmir uğrunda can,
Min-min igid, Azərbaycan!
Yaşa, eşqi çiçək açan
Azad, vahid Azərbaycan!

İstiqlalın yolu çətin,
Məskənisən bol sərvətin;
Tanrı bizi bağışlamaz
Qorunmasa təbiətin.

Azıxdır ilk ünvanımız,
Qobustan daş dastanımız;
Xudafərin körpüsündən
Yenə keçər karvanımız.

Bakı daim şöhrətimiz,
Xəzər mavi qüdrətimiz;
Heykəl kimi ucalacaq
Qürurumuz, qeyrətimiz.

Əsirgəmir uğrunda can
Min-min igid, Azərbaycan!
Yaşa, eşqi çiçək açan
Azad, vahid Azərbaycan!

Müəllif: Oqtay RZA


Azərbaycanım şeiri

Sən mənə anasan, anamdan əziz,
Sənə məhəbbətim dənizdir, dəniz.
Ömrümün bir anı keçməsin sənsiz,
Ey mənim varlığım, qəlbim, vicdanım,
Mən sənə qurbanam, Azərbaycanım!

De, nemət varmıdır səndə olmayan?
Sərvətdən, qüdrətdən yoğrulub mayan.
Sönməz bir məşəlsən, Şərqə nur yayan,
“Qara qızıl”ındır damarda qanım,
Eşqinlə dolanır, Azərbaycanım!

Vurulur bir dəfə hüsnünə baxan,
Göy Göllə, Kəpəzlə bəzənib yaxan.
Füzuli şerini oxuyanda Xan,
Dünyaya yayılır sözüm, dastanım,
Sən də ucalırsan, Azərbaycanım!

Müəllif: Solmaz Şirin


Azərbaycan şeiri

Mənim əziz Vətənim,
Ruhum, canım və tənim,
Qüdrətə bax adında!
Hikmətə bax adında!
Deyim nəsən? – Xəzinə!
Baxıb nurlu üzünə,
Aranına, dağına,
Gözəl Qarabağına,
Ad qoyub, «can» deyiblər,
«Azərbaycan» deyiblər!

Səni Vətən seçənlər,
Adına and içənlər,
Çinarına «xan» dedi.
Dağına «sultan» dedi.
Lap işi qan olan da,
Yolunda qurban dedi.
Canında can olan da,
Yarımcan da «can» dedi.
Mən də «can-can» deyirəm.
«Azərbaycan» deyirəm.
«Azərbay» deyilincə,
Düşmənlər də «can» deyər.
Dönük çıxıb, gözündən
Düşənlər də «can» deyər.
«Can» deyər qan-qan deyən,
Hər «Azərbaycan» deyən.
Dünyadan doymayan da,
Canına qıymayan da,
Tək sənə «can» deyəcək.
«Azərbaycan» deyəcək.

Mənim Azərbaycanım,
Adının da «can»ı var.
Könlümün nə qorxusu,
Nə də həyəcanı var.
Bilməyən bilə bilməz,
Bu Vətən ölə bilməz,
Niyə?
Nədən?
Nə üçün?
Çünki tükənməz gücün,
Hamı sənə «can» deyir,
«Can Azərbaycan» deyir.

Müəllif: Əjdər Ol


Azərbaycan – yurdum mənim! şeiri

Qayalarda bitən çiçək,
Çiçəklikdə bir qayatək,
Ulduzlara səs düşəcək:
Azərbaycan – yurdum mənim!

Qartalları od qanadlı,
Oğulları şimşək atlı,
Ana Vətən kainatdı
Azərbaycan – yurdum mənim!

Tavsiye Konular

Dostdan uca zirvə varmı?
Sözdən şirin meyvə varmı?
Bundan gözəl töhfə varmı?
Azərbaycan – yurdum mənim!

Müəllif: Məmməd Araz.


Əsir Azərbaycanım şeiri

Hanı məni göl qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə “layla balam” çağıran…
Azərbaycan, mənim baxtsız anam oy…
Neçə ildir həsrətinlə yanam oy…

Xəbər alsam, Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən,
Kim demiş ki, düşmüş adın dilimdən,
Azərbaycan, mənim eşsiz yurdum oy,
Ölməz eşqim, içimdəki dərdim oy!..

Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağından Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy…
Hökm etsə, bu sərsəm gediş dursa oy…

Könlümə tək Kə’bə etdim səni mən,
Sənsiz neylim qürbət eldə günü mən,
Sənsiz neylim Allahı mən, dini mən…
Azərbaycan, mənim tacım, taxtım oy…
Oyanmazmı kor olası baxtım oy…

Müəllif:Almas İLDIRIM


Yaşa, var ol hər zaman, Azərbaycanım! şeiri

Yaşa, var ol hər zaman, Azərbaycanım!
Nəhayət, xilas oldun zülmət səmadan,
Ulu Öndər qurtardı səni bəladan,
Əmanətsən bugünə Heydər babadan
Yaşa, var ol hər zaman, Azərbaycanım!


Yaşayır o şərəfli, müdrik siyasət,
Pozulmayıb vətənə, xalqa sədaqət,
İnamlı əllərdəsən, güclüsən əlbət
Yaşa, var ol hər zaman, Azərbaycanım!


Göz dağıdır düşmənə Ramil tək igid,
Dastanıdır dillərin Mübariz, Fərid,
Uğrunda candan keçib, oldular şəhid
Yaşa, var ol hər zaman, Azərbaycanım!

Müəllif: Mehti Kamiloğlu


Azərbaycan şeiri

Vətən – candı – bütöv birdi.
Müqəddəsdi, pirdi, sirdi…
Hər bir şeyin bir həddi var,
Dağın-düzün sərhədi var,
Bacı-qardaş arasında
“Sizin” – “bizim” sərhədi var.
Alnımızın qoruğunda
Qaşla gözün sərhədi var.
İki üzün arasında
Gözlə gözün sərhədi var.
Hər sifətdə iki üz var,
Üzlə üzün sərhədi var.
Dilin, dişin arasında
Sözlə sözün sərhədi var.
Azərbaycan deyəndə biz
Heç bilmədən “can” – deyirik!
Təki ürək bütöv olsun,
Ürəkdə qan bütöv olsun,
Ruhumda can bütöv olsun!
Hər bir vətən övladında
Azərbaycan bütöv olsun!!!
Bizi heç kəs bölə bilməz!
Birlik – Ruhdur ölə bilməz!
Odlar oğlu bir-birinə
Harda olsa, can deyəcək,
Ürəkdən, candan deyəcək.
Od oğlunun adıdır can.
Onun böyük ürəyinin
Bayrağıdır Azərbaycan

Müəllif: Fikrət Qoca


Azərbaycan! Azərbaycan! şeiri

Dağlarının başı qarlı,
Sinəsi yaşıl ormanlı!
Dərələrin şirin barlı,
Azərbaycan! Azərbaycan!

Səhraların sünbüllüdür,
İl müdam üstü güllüdür!
Bağçaların bülbüllüdür,
Azərbaycan! Azərbaycan!

Durna gözlü bulaqların,
Cənnət kimi yaylaqların!
Geniş-geniş oymaqların,
Azərbaycan! Azərbaycan!

Ormanında maral gəzər,
Çöllərində ceyran süzər!
Göllərində qazlar üzər!
Azərbaycan! Azərbaycan!

İlxında ayğır kişnəşir!
Naxrında buğan güləşir!
Süründə əmlik mələşir!
Azərbaycan! Azərbaycan!

Qayaların əlvan mərmər!
Belində var qızıl kəmər!
Bir yanında Bəhri-Xəzər!
Azərbaycan! Azərbaycan!

Sinən odu şölə salır!
Dünya səndən işıq alır!
Verməyəndə, zülmət qalır!
Azərbaycan! Azərbaycan!

İpək, pambıq, yunun çoxdur!
Arpa, buğda, düyün çoxdur!
Hər şeyin var, nəyin yoxdur?!
Azərbaycan! Azərbaycan!

Yer üzündə yoxdur tayın!
Gur-gur axar neçə çayın!
Bol veribdir, fələk payın!
Azərbaycan! Azərbaycan!

Laçının var, tərlanın var!
Çoxlu şirin dastanın var!
Qorxun yoxdur, düşmanın var!
Azərbaycan! Azərbaycan!

Müəllif: Əhməd Cavad


Azərbaycan deyəndə şeiri

Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.
Ürəklərdə döyünüm,
Azərbaycan deyəndə.

“Hər ölkəyə, hər elə,
Olsun hörmət”, deyirəm.
“Vətənindir, vətənin,
İlk məhəbbət”, deyirəm.
“Onun şöhrət tacıdır,
Şe’r-sənət” deyirəm.
Mən vətənə, “Füzuli,
Abbas Səhhət” deyirəm!
Mən vətənə, “Sabiri
Doğan qeyrət”, deyirəm!
Mən vətənə, “Üzeyir,
Müşfiq, Səməd”, deyirəm!
“Günəş kimi müqəddəs
Bir həqiqət”, deyirəm,
Azərbaycan deyəndə.

“Dünya məni dinləsin,
– Diqqət, diqqət!”,
deyirəm.
Azərbaycan deyəndə!
Azərbaycan deyəndə,
Ləpələr şairləşir.
Anaların bətnində,
Qara gözlü körpələr
Pələngləşir şirləşir.
Azərbaycan deyəndə,
Müdrik qocalar kimi
Dağlar da fikirləşir.

Azərbaycan deyəndə
“Haralısan?” sualı,
Verənlərə ar olur.
Qeyrətlilər birləşir,
Qeyrətsizlər xar olur
Azərbaycan deyəndə!
Dostdan sovqat, muştuluq,
Düşməndən bac alaram,
Azərbaycan deyəndə!
İşıq sütunu kimi
Sabaha ucalaram,
Azərbaycan deyəndə!

Körpüləri, səddləri
Sinəmlə parçalaram.
Sərhəd məftillərində,
Bu kobud əllərimlə
Bir muğamat çalaram,
Azərbaycan deyəndə!

Azərbaycan! – Bu nida
Qayaları silkələr.
Sal daşların köksündə
Çiçək bitər, gül bitər.
Azərbaycan deyəndə,
Təbim coşar, sel gələr,
Sanma şöhrət pərdəsi,
Ürəyimi kölgələr,
Azərbaycan deyəndə.
Gözümdə doğmalaşar
Bütün xalqlar, ölkələr,
Azərbaycan deyəndə!

Müəllif: Tofiq Bayram

Bənzər mövzular:

Azərbaycana aid şeirlər

Açar sözləri ən gözəl azərbaycan şeirləri,azərbaycan haqqında şeirlər,azərbaycan haqqında şeir,azerbaycan haqda seir,azerbaycan haqqinda seir,azerbaycana aid seirler yazili,azərbaycana aid şeirlər

İçeriğe oy ver!

You may also like...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir