Şeirlər

28 Maya aid şeirlər, 28 May seirleri

28 Maya aid şeirlər, 28 May seirleri

28 May Şeiri

Yazar: Anonim

Yurdumun adı yazılıb,
Ölkələr sırasında.
Aylar, günlər arasında
Əziz günüm, ayım mənim.
28 Mayım mənim.


Azərbaycan deyəndə şeiri

Yazar: Tofiq Bayram

Vətən mənim bu günüm,
Sabahkı toy-düyünüm.
Haqqım var ki, öyünüm
Azərbaycan deyəndə.
Ürəklərdə döyünüm,
Azərbaycan deyəndə.

“Hər ölkəyə, hər elə,
Olsun hörmət”, deyirəm.
“Vətənindir, vətənin,
İlk məhəbbət”, deyirəm.
“Onun şöhrət tacıdır,
Şeir-sənət” deyirəm.
Mən vətənə, “Füzuli,
Abbas Səhhət” deyirəm!
Mən vətənə, “Sabiri
Doğan qeyrət”, deyirəm!
Mən vətənə, “Üzeyir,
Müşfiq, Səməd”, deyirəm!
“Günəş kimi müqəddəs
Bir həqiqət”, deyirəm,
Azərbaycan deyəndə.
“Dünya məni dinləsin,
– Diqqət, diqqət!”,
deyirəm.
Azərbaycan deyəndə!

Azərbaycan deyəndə,
Ləpələr şairləşir.
Anaların bətnində,
Qara gözlü körpələr
Pələngləşir şirləşir.
Azərbaycan deyəndə,
Müdrik qocalar kimi
Dağlar da fikirləşir.
Azərbaycan deyəndə
“Haralısan?” sualı,
Verənlərə ar olur.
Qeyrətlilər birləşir,
Qeyrətsizlər xar olur
Azərbaycan deyəndə!
Dostdan sovqat, muştuluq,
Düşməndən bac alaram,
Azərbaycan deyəndə!
İşıq sütunu kimi
Sabaha ucalaram,
Azərbaycan deyəndə!

Körpüləri, səddləri
Sinəmlə parçalaram.
Sərhəd məftillərində,
Bu kobud əllərimlə
Bir muğamat çalaram,
Azərbaycan deyəndə!
Azərbaycan! – Bu nida
Qayaları silkələr.
Sal daşların köksündə
Çiçək bitər, gül bitər.
Azərbaycan deyəndə,
Təbim coşar, sel gələr,
Sanma şöhrət pərdəsi,
Ürəyimi kölgələr,
Azərbaycan deyəndə.
Gözümdə doğmalaşar
Bütün xalqlar, ölkələr,
Azərbaycan deyəndə!


Bayrağımız Şeiri

Yazar: Mahmud Əhməd

Ay-ulduzlu, gur şəfəqli,
Göz oxşayan, bər-bəzəkli,
Göy, qırmızı, yaşıl rəngli,
Dalğalanan bayrağımız.

Sən millətin qürurusan,
Odun şöhrət, sünbülün şan,
Yenilməzdir Azərbaycan,
Ucal hər an, bayrağımız!

Tanrı bizi darda qoymaz.
Gözəlliyə fələk qıymaz.
Səndən heç vaxt könül doymaz,
Məğrur dayan, bayrağımız!
Öz yerin var yer üzündə,
Bir bəzəksən el gözündə,
Şuşada, Cıdır düzündə,
Qalx, dalğalan, bayrağımız!


Müstəqillik Bayramı Şeiri

Yazar: Solmaz Şirin

Müstəqillik bayramındır
Bu gün sənin, Azərbaycan!
Xoşbəxt, gülər məqamındır,
Yoxdur tənin, Azərbaycan!

Bu gün sərbəst bir ölkəsən,
Qonşulardan sən öndəsən.
Uğuruna böyük əhsən!
Safdır şənin, Azərbaycan!

Dünyaya səs salıb adın,
Şərəf ilə sən ucaldın.
Dirəyindir hər övladın,
Ucal, mətin Azərbaycan!

Neftin, qazın bir məlhəmdir,
Düşmənlərə min ələmdir.
Dostlarına çox kərəmdir
Sədaqətin, Azərbaycan!

Günü-gündən ucalırsan,
Ucalıqdan öc alırsan.
Solmaz demir, qocalırsan,
Yeni, dərin Azərbaycan!


Bayrağım Şeiri

Yazar: Qurban Təbiətoğlu

Bir kərə yüksəlib, bir daha enməz,
Mavi səmalarda süzən bayrağım!
Türklüyü, islamı, müasirliyi,
Məğrur sinəsinə düzən bayrağım

Boyanıb üç rəngə şərəf, şanıyla
Ay-ulduz sipərdi ona canıyla.
İgid oğulların şəhid qanıyla,
Azadlıq dastanı yazan bayrağım!

Xeyir əvvəl-axır güc gəlir şərə,
Dağın qəzəbindən məhv olar dərə.
Fırtına qopsada sərilməz yerə,
Neçə tufanlara dözən bayrağım!

Tavsiye Konular

Tezliklə geyinib qələbə donun,
Gətirər hicranın, həsrətin sonun.
O taylı, bu taylı əlli milyonun,
Döyünən qəlbində gəzən bayrağım!

Bu səbir xalqımın bəsidir, bəsi,
Susduraq Vətənə göz dikən kəsi!
Gəlsin Qarabağdan Himnimin səsi,
Zəfər nəğməsilə bəzən, bayrağım!


Azərbaycan Şeiri

Yazar: Bəxtiyar Vahabzadə

Azərbaycan, adın oddur, özün – işıq, sözün- işıq.
Biz də sənin bu müqəddəs torpağından boy atmışıq,
Sənsən bizim bu dünyada məsləkimiz, amalımız,
Yolumuza işıq saçsın ulduzumuz, hilalımız.

Nəfəsimiz – ulu Qorqud dədəmizin öz nəfəsi,
Mahnımızda yaşar bizim babaların addım səsi.
Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq,
Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq.

Vətən bizsiz də keçinər, keçinmərik biz Vətənsiz.
Bu məramla boy atmışıq Çənlibellər üstündə biz.
Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız,
Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız.

Qardaşlıqdır şüarımız, biz həmişə əl tutanıq,
Düşmən bizə əl uzatsa, düşmənliyi unudanıq.
Könlümüzdə bir vahiddir güneyimiz, quzeyimiz,
Vətən – bizim namusumuz, biz Vətənik, Vətən də biz.


Bənzər şeirlər:

Axtarış sözləri: müstəqillik günü haqqinda şeir,28 may aid seirler,müstəqillik şeirləri,müstəqillik günü şeir,müstəqillik gününə aid şeirlər,respublika gunune aid seirler,28 maya aid şeirlər,müstəqillik günü haqqında şeirlər,28 may respublika gününə aid şeirlər,28 may aid şeirlər

3.9/5 - (35 ses )

You may also like...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir