Nizami Gencevi seirleri
(11 şeir)
Sevgili Canan
Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləmdə sənin şəninə şayan
Gəl eylə inayət, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.
Sordum ki, “könül hardadır” aldım bu cavabı.
“Heç sorma, tapılmaz onu axtarsa da insan”.
Rəhm eylə, deyib, sel kimi göz yaşımı tökdüm
Kim, qanım ilə əl yuma, ey afəti-dövran!
İnsafın əgər varsa, açıq de, bu Nizami,
Sənlə necə rəftar eləsin, ey məhi-taban?
Gəl söylə, cavabın nə olar, sorğu zamanı,
Əhvalımı səndən soruşarsa Qızıl Arslan?
Müəllif: Nizami Gəncəvi
Az danışmağın gözəlliyi
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir o da.
İnci tək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Az sözün incitək mə’nası solmaz,
Çox sözün kərpictək qiyməti olmaz.
Əsli təmiz olan saf mirvarılar,
Suya və torpağa min bəzək vurar.
Mə’dənlə dolsa da hər xəzinə,
Hər kiçik zərrəsi dərmandır yenə.
Ürəyi oxşayan bir dəstə çiçək,
Yüz xırman otundan yaxşıdır, gerçək!
Yüz ulduz yansa da göylərdə, inan,
Bir Günə baş əymək xoşdur onlardan.
Göydə parlasa da nə qədər ulduz.
Günəşdir nur verən aləmə yalnız.
Müəllif: Nizami Gəncəvi
Dübeyti
Gər cahanın bir yerə cəm edələr nəqqaşını,
Nə gözün rəsm edələr, bu şivədə nə qaşını,
Yol daşına basar ayağını, basmaz yüzümə,
Yoldaşından, ah kim, yekrək görür yoldaşını.
Müəllif: Nİzami Gəncəvi
Gözüm aydın, gözümə surəti canan görünür
Gözüm aydın, gözümə surəti canan görünür,
Mişki-ənbər saçaraq, ətrlə əfşan görünür.
Allaha şükür edirəm, ey gözümün nuru, bu gün,
Yar gəlib göz önünə, sərvi-xuraman görünür.
Ayrılıq zəhrini daddım, acı da olsa, vüsal,
İki dünyaya dəyər, eylə ki, hicran görünür.
Səni bir dəfə görənlər güvənir eşqimizə,
Nə üçün gözlərin, ey dil, belə giryan görünür?
Eşqini canım ilə bəslədi birlikdə könül,
Onsuz, ey sevdiyəcəyim, can evi viran görünür.
Ey sənəm, vəslin ilə, eylə ki, şad oldu könül,
Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.
Şadlığından alışıb yandı Nizami, dedi ki:
“Gözüm aydın, gözümə surəti canan görünür”.
Müəllif: Nizami Gəncəvi
Vay Könül
Düşəli eşqinə, ey rüxləri bədr ay, könül,
Oldu zülfün kimi aşüftə və bəd-rəy, könül,
Necə kim, hay dedim, isləmədən hay, könül,
Eylədin xəlqi-cəhanə məni rüsvay, könül,
Vay könül, vay bu könül, vay könül, vay könül!
Gah yanar şəmi-rüxün şövqünə pərvanə kimi,
Gah dələr həsrət ilə yürəgimi şanə kimi,
Gah verər ari ilə aşiqi-divanə kimi,
Gah tökər gözlərimin yaşını dürdanə kimi,
Vay könül, vay bu könül, vay könül, vay könül!
Həmnəfəs olmağa sən Xosrovi-Şirin ləb ilə,
Vermişəm arı yelə, namü nişan ilə belə,
Dilə düşmüş, yalnız mən degüləm əldən ələ,
Dil əlindən neçələr düşdimənim kimi dilə,
Vay könül, vay bu könül, vay könül, vay könül!
Tir qəddimi kaman eylədi ol huri-nijad ,
Şəst qəmdən dili-sevdazəde, olmadı qoşad ,
Deyirdim ki, eyləyim mən dəxi dilbərləri yad,
Dil əlindən kimə fəryad edəyim, kim verə dad?
Vay könül, vay bu könül, vay könül, vay könül!
Müəllif: Nizami Gəncəvi
Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Ay üzlü nigarım, kimə mehman olacaqsan?
Bir söylə, kimin şəninə şayan olacaqsan?
Şahlıq çətiri var başın üstündə bu axşam,
Ənbər çətirinlə kimə sultan olacaqsan?
Şəkkər demərəm mən sənə, ondan da şirinsən,
Dilbər, necə bir bəxtəvərə can olacaqsan?
Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə,
Ey abi-həyat, sən kimə canan olacaqsan?
Getdin, necə bəs tab eləsin hicrə Nizami,
O xəstə ikən, sən kimə dərman olacaqsan?
Müəllif: Nizami Gəncəvi
Mümkünmüdür məni qurban edəsən?
Mümkünmüdür məni qurban edəsən?
Dərdlərimi görüb dərman edəsən?
Göz yaşımla islanmadan bədənim
Al qanıma məni qəltan edəsən?
Ürək demə, artıq əldən vermişəm,
Ona çarə özün, canan, edəsən!
Zəif ovam, saxla məni, öldürmə,
Heç dəyərmi məni qurban edəsən?
Göz dikmişəm dodağının şəhdinə,
Ümid var ki, bir gün mehman edəsən.
Bəlkə vurub ləblərinə möhrünü,
Nizamini bir Süleyman edəsən.
Müəllif: Nizami Gəncəvi
Sənsiz
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
Sənin ol cəlb eyləyən vəslinə and içdim inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz!
Başqa bir yarı necə axtarım, ey nazlı mələk?
Bilirəm sən də dedin: “Yox yarə hacət sənsiz”
Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz bir heçəm, afət, sənsiz!
Nə gözüm var arayım mən səni, bəxtim də ki, yox,
Nə də bir qaçmağa var məndə cəsarət sənsiz!
Sən Nizamidən əgər arxayın olsan da, gülüm,
Gecə-gündüz arayıb, olmadı rahat sənsiz!
Müəllif: Nizami Gəncəvi
Sən könlümü almaq da dilərsənmi, a dilbər?
Sən könlümü almaq da dilərsənmi, a dilbər?
Solsun o böyük eşqinə bəslənmiş əməllər!
Bir xeyli zaman var ki, açılmır o gül ağzın,
Zəhmət çəkərək qırmadı püstən dəxi şəkkər.
Hər kirpiyinə bir pəri məftuni-zəbundur,
Zülgün dağılar, şurə gələr cümlə gözəllər.
Qəmzən nə yaman rövnəqi-islami yıxıbdır,
Tut başqa əməl, olma, gözəl, gəl belə kafər.
Səhralərər çıxsan, bilirəm, dilbəri-rəna,
Qibtə edəcək hüsnünə gün ayla bərabər.
Əqlə gələcək hər nə ki, divanələrin var,
Ruyindən əgər olsa kənar o qara tellər.
Ruh nuş eləyər, ləli-ləbin badə verərsə,
Çəng, ney, kaman inlər, göz olar onlara sağər.
Bu hüsnü camal ilə, bu ülvi görünüşlə,
Mümkünsə, bizə lütf eləyib ruyini göstər.
Tainki Nizami kimi hicranzadələr qoy,
Bel bağlayaraq qulluğa, olsun sənə çakər.
Müəllif: Nizami Gəncəvi
Yaralı bir uşağın dastanı
Azadə böyümüşlər cərgəsindən bir uşaq
İki-üç həmyaşilə çölə çıxdı kefi çağ.
Elə ki yola düşdü bu uşaq, birdən-birə,
Yüyürərkən ayağı sürüşdü, dəydi yerə.
Elə bərk yıxıldı ki, sındı birdən ayağı,
Qırılmışdı çox yaman varlığının dayağı.
Uşağın yaşıdları batdılar bundan qəmə,
Hey çarə axtardılar bu qəmə, bu matəmə.
Onu sevən bir uşaq dedi: “Çarə var gerçək,
Gəlin onu quyunun lap dibində gizlədək.
Ta ki bir gündüz kimi olmasın aşkar bu sirr,
Atasından xəcalət çəkmək yaxşı deyildir”.
Ordakı uşaqlardan uzaqgörən bir nəfər
Şikəst olmuş uşağın düşməniydi müxtəsər.
Bu halı ölçüb-biçdi, sonra düşündü bir az,
Öz-özünə dedi ki, bu sirr gizlində qalmaz.
Mən ki həmin uşağın bir düşməniyəm, demək,
Bu işi eşidənlər, yəqin, məndən biləcək.
Uşağın atasına gedib tez verdi xəbər,
O da gəlib oğluna çarə gördü birtəhər.
Hər kimdə ki vardısa, ağıllılıq cövhəri,
O bacarır hər işi, parlar onun gövhəri.
Fələklərin bəndini açar ancaq o qoçaq
Ki, basa bilsin onun başına bir gün ayaq.
Fələyin az-çoxuna göz yuman gündən bəri,
Nizaminin işləri keçmişdir fələkləri.
Müəllif: Nizami Gəncəvi
Bu çəməndə qocalıqdan belim döndü kamana
Bu çəməndə qocalıqdan belim döndü kamana,
Bundan sonra bu budaqdan yetişərmi bar mana?
Ağaçımdan bir kimsəyə nə meyvə var, nə kölgə,
Yarpağımı, məhsulumu fələk verdi küləyə.
Kaman kimi bükülərək məzar qazır fələklər,
Artıq mənə ağ tüklərim kafurdan xəbər verər.
Ahunun ağ göbəyində qara rəngli müşk olur,
Mənim qara tüklərimsə bəyaz rəngə tutulur.
Ağzımda iki düzüm dolu inci var ikən,
Fələk zülmü qırdı, tökdü, iz qalmadı incidən.
Sandığımda gövhərlərin qalmadı bəxt ulduzu!
Umudsuzluq göylərində doğdu sabah ulduzu.
Ömür başa çatdı deyə istəyirəm bayquştək,
Xərabədən yoxluq adlı dünyaya üz çevirmək.
İsmət bağı meyvəlidir, bir budağam o bağa,
Bel büküldü, məğrur başım mail oldu torpağa.
Ciyərimdən axan qanı saçmaqdadır bəbəyim,
Kaman kimi olmuşam ki, bulaşmasın ətəyim.
Ağ tüklərdən qar yığıldı başım üstə qalandı,
Vücudum bir çardaq kimi yatmasın ah, amandı!
Dağ başında qar olanda əridikcə axar su,
Gözlərimdən axan yaşın səbəbi də budur, bu.
Zəiflikdən torpaq üstə kölgə kimi əsərəm,
Sürüsələr torpaq üzrə iz salarmı əsərim!
Kimsə məni yada salmır, yəqin buna səbab var:
Bir zəif hal xatirlərdə, söylə, nə iz buraxar?
Kaman kimi qamətim var, yersiz bilmə sən bunu,
Əcəl oxu qorxusundan qalxan etmişəm onu.
Qanadlarım qırılmışdır inanımmı gücünə?
Necə uçum bu qanadla mən fəraqət bürcünə.
Bu dünyanın bağçası da umudumun meyvəsi,
Sitəm ilə dağılmışdır, bir yandadır hərəsi.
Ağac şümşad boylu oldu, çünki barı töküldü,
Mənim qəddim, meyvəsini tökən zaman büküldü.
Yəqin ölüm qılıncının qorxusundan başım, bax
Öz çiynimə əyilərək, onu etmiş bir dayaq.
Mən ki səfər yolçusuyam, hörmətim var, a dostlar,
Onun üçün gözlərimdən yanağıma yaş axar.
Astanadan keçəmmirəm, öylə zəif olmuşam,
Hüzn evinin bir küncündə özümə yurd salmışam.
Mən kəlmənin son hərfiyəm, səhifələr son yeri
Nə mənadan xəbərim var, nə cərridən xəbərim.
Ayın, günün işığını parlatsalar üzümdə,
Ağ, qaranı seçə bilməz nur qalmamış gözümdə.
Ömrüm keçdi, günahkarlıq qazanmışam dünyada,
Ona görə layiq oldum xəcalətli bir ada.
Vahimədən əlim əsir, məclis qurub zamana,
Bu şadlıqda, deyin, necə nuş eyləyim peymana?
Əcəl mənə qonaq gəlmiş, neyləyim ki, a dostlar,
Həyatımdan başqa şeyi qəbul etmir, inadkar!
Dadlı həyat süfrəsindən gəlmir ağzım bir dada,
Şəkər belə, şərbət belə zəhər dadır ağzımda.
Bu mənzildə vidalaşır artıq həyat mənimlə,
Əyilmişəm, qayda budur: öpüşənlər əyilə.
İşdən düşdüm hər nəfəsdə qorxuram ki, dərd ola,
Bədən tamam parçalana, bir-birindən ayrıla.
Hesab çəkən barmaq kimi yolda düşüb qalxıram,
Qəribədir; il sayıram, olmayıram bir aram.
Gülşənin xoş xavası da zərər verir canıma,
Faydasızdır, İsa, Xızr gəlsə belə yanıma.
Həsrət ilə bulud kimi su yağdırdım bu gün mən,
Cavanlığım şimşək kimi gəlib keçdi gözümdən!
Cavanlığı yolda saldım – nə gəzirsən? – soruşsa,
Belim əyri, cavanlığı axtarıram hər zaman.
Kölgə kimi söykənirəm hər addımda divara,
Umud yoxdur bir də qalxam, nə etməli, nə çara?
Rəngli şeylə aldadılan uşaq kimi nə erkən,
Aldadıcı fələk aldı cavanlığı əlimdən!
Şadlıq mülkü eyş-işrətə insanları çağırır,
Qulağımdan çıxan ağ tük getmə deyə bağırır.
Ruzi üçün düşüb, qalxıb axtarıram hər yeri,
Görən deyir: “Vardır bunun qarışqaya bənzəri”.
Namərd fələk sındırmaqçün qiymətimi, qədrimi,
Parçaladı gövhərimi, əldən aldı səbrimi.
Hünərlərim paxılların gözlərində nəhandır,
İndi mənim hünərlərim hər eybdən yamandır.
Mərifətin işığıyla aydın olsun qəlb deyə,
Həlqə olan qəddim ilə bənzəyirəm haləyə.
İşimə min düyün düşüb, ömür gödək, düyün çox!
Bəlli deyil, o düyünlər açılacaq, yoxsa yox?
Bu gülşəndə bir asacam, yıxmaq üçün fələklər,
Bükülərək, ayağıma balta vurub qəsd edər.
Mənə çatmır nə surətdən, nə mənadan bir xəbər,
Silinmişdir gözlərimdən mənalarla surətlər.
Günahkaram, cəhənnəmdə tutsam əgər mən qərar,
Orda belə məndən hürküb uzaq qaçar adamlar.
Günahkarlıq bağçasında hər budağım qurudur,
Zaman məni cəhənnəmdə yandırmağa qurudur.
Baxın! Qəza qələminin səhifəmdə yazdığı,
Xəta oldu, yoxlasan da əsla yoxdur artığı.
Peşimanlıq suyu onu yuyar, silər bu mümkün,
Neyləyim ki, fələk bunu çətin etmiş mənimçün.
Burda da haqq qəzanındır, nə eyləsəm, nə etsəm,
Əqlə gələn pisliklərin hamısından mən pisəm.
Günahım çox, mənə ölüm zərbəsini kim vursa,
Ona qanım halal olar, layiq olmaz qisasa.
Zəbanəyə başlayarsa, qəlbimdəki alovlar,
Mühitləri, dəryaları hərarətim qaynadar.
Müəllif: Nizami Gəncəvi
Bənzər şeirlər:
Nizami Gəncəvi şeirləri və qəzəlləri, Nizami Gencevi seirleri ve qezelleri,Nizami gəncəvinin şeirləri,Nizami Gəncəvi sevgi şeirləri, Nizami şeir