Şeirlər

Zelimxan Yaqub seirleri

Zelimxan Yaqub seirleri menali, Zəlimxan Yaqub şeirləri

Səni sevmək üçün gəldim dünyaya şeiri

Çöldə çiçək oldum, çəməndə naxış,
Şimşəkdə od oldum, buludda yağış.
Sirli bir göz gördüm, nurlu bir baxış,
Çevrildim çeşməyə, qarışdım çaya,
Səni sevmək üçün gəldim dünyaya.

Mən min il əvvəl də gələ bilərdim,
Min ildən sonra da ölə bilərdim.
Zamanı başqa cür hesablayardım,
Vaxtı başqa cürə bölə bilərdim.
Düşüb sən doğulan həftəyə, aya,
Səni sevmək üçün gəldim dünyaya.

Səsini eşitdim, səsdən səs aldım,
Şaqraq gülüşündən güc, həvəs aldım.
Sən nəfəsim oldun, mən nəfəs aldım,
Muştuluq verdilər Günəşə, Aya,
Səni sevmək üçün gəldim dünyaya.


Neçə dinsizləri dinə gətirdim,
Qorudum, sünbülü dənə gətirdim.
Könlümdə nə varsa, sənə gətirdim,
Mənim yollarımı kəsə bilmədi
Nə sərhəd, nə dəmir, nə daş, nə qaya,
Səni sevmək üçün gəldim dünyaya.

Məcnun da, Kərəm də, Fərhad da mənəm,
Məcnuna, Fərhada qanad da mənəm.
Ölüm də, sevgi də, həyat da mənəm,
Şükür yaradanın verdiyi paya,
Səni sevmək üçün gəldim dünyaya.


İnsan ürəyi gözəl olanda şeiri

Qış yaza çevrilir, qar çiçək açır,
İnsanın ürəyi gözəl olanda.
Dünya gözəlləşir başdan-ayağa,
İnsanın ürəyi gözəl olanda.


Dəli küləkləri mehə döndərir,
Buludu gül üstə şehə döndərir,
Qulu da qaldırıb şaha döndərir,
İnsanın ürəyi gözəl olanda.


Kasıb yuvanı da gözəlləşdirər,
Çirkli havanı da gözəlləşdirər,
Vəhşi heyvanı da gözəlləşdirər,
İnsanın ürəyi gözəl olanda.


Səhrada gül əkir, orman düzəldir,
Dən səpir, dən biçir, xırman düzəldir.
Dərdlərə min cürə dərman düzəldir,
İnsanın ürəyi gözəl olanda


Sevgidən savayı bir dini yoxdu,
Qanda bir nifrəti, bir kini yoxdu.
Gözündə heç nəyin çirkini yoxdu,
İnsanın ürəyi gözəl olanda.


İşıq da gözəldi, bulud da gözəl,
Nəğmə də gözəldi, sükut da gözəl.
Beşik də gözəldi, tabut da gözəl,
İnsanın ürəyi gözəl olanda…


Gəlməz şeiri

Bir fürsətdi ömür-gün,
Getdisə, daha gəlməz.
Heç bir şeyin qiyməti,
İnsandan baha gəlməz.


Həmi qışdı, həmi yaz,
Həm dərindi, həm dayaz.
Ahı ölçüyə sığmaz,
Ölçüsü aha gəlməz.


Min-bir sual bitirsən,
Min-min cavab yetirsən,
Nəyi izah edirsən,
İnsan izaha gəlməz.


Yaxşılıq dan yeri, sübh azanıdı şeiri

Ayların, illərin fırtınasından
Ömrü ömür kimi yaşayan keçər.
Havalı ürəkdən, odlu könüldən
Zamanın şaxtası, qışı yan keçər.


Hər qayğı insana bir yaz anıdı,
Yaxşılıq dan yeri, sübh azanıdı,
Günahın son payı qır qazanıdı,
Körpüdən savabı daşıyan keçər.


Haqqı bayraq eylə, nə əzil, nə əz,
Ayı da, günü də öz içində gəz.
Allah sevgisinə toxuna bilməz,
Şeytanlar atsa da, daşı yan keçər.


Zelimxan Yaqub seirleri

Yoldayam şeiri

Dan yerindən əsən mehə bələndim,
Mehdən gəlib mehə gedən yoldayam.
Duru gəlib duru qalmaq eşqinə
Şehdən gəlib şehə gedən yoldayam.


Libası qəm, paltarı qəm, donu qəm,
Günlərimiz beşi sevinc, onu qəm.
Bu dünyanın əvvəli qəm, sonu qəm,
Ahdan gəlib aha gedən yoldayam.


Yağış mənim, boran mənim, qar mənim,
Uçurum mənim, keçid mənim, dar mənim,
Ucuz yolda nə ölümüm var mənim? –
Baha gəlib baha gedən yoldayam.


Lələ mənəm, Kərəm mənəm, kül mənəm,
Kül içindən baş qaldıran gül mənəm,
Sevgi adlı şah evində qul mənəm,
Şahdan gəlib şaha gedən yoldayam…

Tavsiye Konular

Qalardım şeiri

Dağlar mənə gəl-gəl desə ürəkdən,
Gəlib elə bu yerlərdə qalardım.
Təbiətlə sevincimi, dərdimi
Bölüb, elə bu yerlərdə qalardım.


Nəfəsimdə yaşadardım ətrini,
Əzizlərdim çiçəklərin xətrini.
Ömrün-günün qiymətini, qədrini
Bilib, elə bu yerlərdə qalardım.


Nə gözəldi bu dağların lalası,
Mən getsəm də, könlüm burda qalası.
Sevsə məni bir zalımın balası,
Ölüb elə bu yerlərdə qalardım.


Aldı vaxtımzı dost məclisləri şeiri

Aldı vaxtımızı dost məclisləri,
Kimlər mey içində məst olmadılar?
Badə qaldırdılar dost sağlığına,
Heyif ki çoxları dost olmadılar.

Bizə özgələrin yetməzdi gücü,
Döydü öz dolumuz öz dənimizi.
Biz orda eşitdik badalaqları,
Biz orda qazandıq düşmənimizi.

Qatilə, xainə döndü bir nəfər,
“Dostun” fitvasıyla dost dara düşdü.
Biz onu vaxtında tanıyammadıq,
Onun da günahı dostlara düşdü.

Aldı vaxtımızı dost məclisləri,
Aqillər, müdriklər qazandıq orda.
Şərab əvəzinə dost qanı içən
Kafirlər, müşriklər qazandıq orda.

Sən giley adamı deyilsən axı,
Çox da xırdalanıb getmə dərinə.
Zəlimxan, gur səsin, qaynar nəfəsin
Ən böyük zərbədi düşmənlərinə.


Bilmək olmur şeiri

Çox uzatma mәktubların arasını,
Qaşla gözün arasını bilmәk olmur.
Bu hәyatda bizә düşәn sәadәtin,
Bütövünü, parasını bilmәk olmur.


Baş açmıram ağladırmı, güldürürmü?
Yaşmı verir, göz yaşını sildirirmi?
Dünya bizi sağaldırmı, öldürürmü?
Mәlhәmini, yarasını bilmәk olmur.


Bulaqların sәrinliyi qalır hәlә,
Dәnizlәrin dәrinliyi qalır hәlә,
Arzuların şirinliyi qalır hәlә,
Bu dünyanın sonrasını bilmәk olmur.


Səs şeiri


Səs ucaldı həvəsində insanın,
Səs qaynadı nəfəsində insanın.
Nələr yoxdu ləhcəsində insanın,
Kamanı səs, qavalı səs, tarı səs.


Sevgi dedi, dodaq əsdi, dil əsdi,
Gözəllərin gərdənində tel əsdi.
Qarlı dağdan göy çəmənə yel əsdi,
Səs eylədi – kəpənək səs, arı səs.


Səsin varsa, bil, kişisən, bil, ərsən,
Səssizlərin göz yaşını silərsən.
Zəlimxanı tanıyanda bilərsən,
Yarı sazdı, yarı sözdü, yarı səs


Dünya və biz şeiri

Qoca dünya dolaşdırır addımbaşı,
Əvvəl-əvvəl sığal çəkir, öyür bizi.
Kişiləşib dizlərimiz bərkiməmiş
Zopasıyla, şallağıyla döyür bizi.

Həyat dəniz, ömür qayıq, can avardı,
Nə dərd varsa, canı tapdı, cana vardı,
İnsan quzu, vaxt kəmfürsət canavardı,
Kəsir-tökür, loğma-loğma yeyir bizi.

Gəlişimiz işıq verdi bu dünyaya,
Gedişimiz döndü yasa, döndü vaya,
İnsanların biri palıd, biri qaya,
Əyilmirik, zaman özü əyir bizi.


Həmişə həyatdayam şeiri

Ey əsli olmayan kəs,
duya bilməzsən məni,
Soyda, kökdə, özüldə,
əsildəyəm, zatdayam.


Məndə məni görməyə
səndə bir mənlik gərək,
Oğulsan çıx yanıma,
gör mən hansı qatdayam.


Keçmişdə köküm yaşar,
gələcəkdə budağım,
Hər ötən saniyədə,
hər gələn saatdayam.


Məni insan yaradan
Allahıma min şükür,
“Quran”a, “İncil”ə bax,
“Zəbur”da, “Tövrat”dayam.


Sürünənlə uçanın
yer, göy qədər fərqi var,
Məni ayaqda gəzmə,
mən qolda-qanaddayam.


Adəmdən, Nuhdan bəri
yolçusuyam yolların,
Şər özünü yormasın,
Haqqa çataçatdayam.


Səhraların qumuyam,
dəryaların damlası,
Yerdə mənəm, göydə mən,
sonsuz kainatdayam.


Gün kimi doğulanlar
qarışır şəfəqlərə,
Rəngimi solğun görüb
sanma batabatdayam.


Canım qara torpağın,
nəfəsim göylərindi,
Qəbirdə yatsam belə,
həmişə həyatdayam.

Bənzər Sözlər:


Axtarış sözləri: zelimxan yaqub seirleri,zelimxan yaqub seni sevmek ucun geldim dunyaya,zelimxan yaqub sevgi seirleri,zəlimxan yaqub şeirləri,zəlimxan yaqub sevgi şeirləri


İçeriğe oy ver!

You may also like...

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir