Məşhur şair və yazıçı Ramiz Rövşənin şeirlər toplusundan ən gözəl şeirlərini sizlər üçün toplayaraq bu postu ərsəyə gətirdik.
Şeirlər:
“Gedək biz olmayan yerə…” Şeiri
Gəl, əl-ələ tutub gedək,
Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək
Dərdimiz olayan yerə.
Burda qoyaq özümüzü,
Bu qirişan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək söz olmayan yerə.
Bir kimsə tutmasın xəbər,
Gəl, çıxıb gedək birtəhər.
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə.
Atam oğlu, az çapala,
Sən deyən çətin tapıla,
Bu Ramizi kim aparar
Bu Ramiz olmayan yerə?!
Yağış yuyur,gün qurudur Şeiri
Bu yerləri bu göyləri
Yağış yuyur ,gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur ,gün qurudur.
Gözümüzün yaşını da,
Bağrımızın başını da
Qəbrimizin daşını da
Yağış yuyur ,gün qurudur.
Gələn nədi ,gedən nədi?
Bələk nədi,kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur ,gün qurudur.
…Ulduzların tozunu da,
Lap günəşin özünü də,
Lap yağışın özünü də
Yağış yuyur ,gün qurudur…
“Köhnə Məktublar…” Şeiri
Xəbər gələr daha ömrün qışından,
Soyuyarsan saçlarına qar düşər.
Ancaq köhnə kitabların içindən,
Hərdən-hərdən köhnə məktublar düşər…
Əyilərsən, götürərsən gizlicə,
Boylanarsan arvad uşaq görməsin,
Çəkilərsən otağın bir küncünə
Gizli gizli oxuyarsan hər sözü…
Bu nə sevgi məktubudu, İlahi,
İndiyəcən ağriyır hər sözü də,.
Yazan qızın nəydi adı ,İlahi,
Yaddan çıxıb sifəti də üzü də…
Oxuduqca lal sətirlər səslənər,
Yavaş-yavaş səsi düşər yadına.
Bir hərfdən- qaşı düşər yadına,
Bir hərfdən gözü düşər yadına…
O gözlərdən yadigar tək varaqda,
Göz yaşının ləkəsini görərsən.
Birdən donu xışıldayar otaqda,
Pəncərədə kölgəsini görərsən…
Diksinərsən,boylanarsan qapiya,
“O kölgəni arvad uşaq gördümu?”,
Tez məktubu atarsan külqabıya,
Yandırarsan hər sözünü sətrini…
Sözlər yanar-kağızı da yandırar,
Sözlər yanar-o qızı da yandırar.
Sözlər qaçar o alovun içindən,
Sən baxdıqca- basar səni soyuq tər,
Sıra-sıra qara qarışqaralar tək,
Qaçıb gedər qara-qara hərflər…
Təkcə o qız qaça bilməz bu oddan.
Bir quş olub uça bilməz bu oddan.
O qız yanar o alovun içində,
Göyə qalxar o alovun dilləri.
O alovun dillərinə sarmaşıb,
Yanar,yanar uzun-uzun telləri.
Yanar bir vaxt saçlarını oxşayan,
Uzun-uzun barmaqları,əlləri…
O qız yanar-ərşə çıxar tüstüsü,
Kağız yanar-külqabıda küllənər.
Qəfil birdən külqabının içindən
Yerə düşüb bir üzük diyirlənər…
Lap özünü itirərsən,baxarsan,
O üzüyü götürərsən-baxarsan,
Bu üzüyü axı harda görmüsən?
Bu üzüyü görməmisən bəlkə heç.
Sən o qıza haçan üzük vermisən?
Ona üzük verməmisən bəlkə heç…
Arvadin da qəfil girər qapıdan:
-Əlindəki nədi?-deyər
– Üzükdü.
– O üzüyü nə yaxşı ki,tapmısan,
neçə vaxtdı itirmişdim,gəzirdim.
Sonra gələr ,səndən alar üzüyü,
– bunun rəngi niyə belə qaralıb?
Barmağına güclə salar üzüyü,
– Elə bil ki,bir balaca daralıb…
Külqabıdan tüstü qalxar hələdə,
o məktubun külü hələ işarar.
Maddım-maddım durub baxar arvadın,
o tüstüdən bir cüt gözü yaşarar…
– Heç olmasa pəncərəni aç,- deyər.-
burda necə oturmusan sən,necə?
Bu nə yanıq qoxusudu, İlahi,
Elə bil ki, adam yanıb indicə….
Ayrılıq Şeiri
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik, xəbərimiz yox.
Aradan nə qədər il keçib görən, –
Tanıya bilmədim, məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla!
“Ölmədim” deyirəm, nə bilim axı, –
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz ölmüşəm elə.
Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim, nə sən indiki, –
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin, bu ayın, bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.
…Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz, ömründə min yol
Özünü öldürən adamlar keçir.
Keçir öz qanına qatan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada, amma
Dünyada heç kəsin günahı yoxdu.
Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.
Halal yolumuzu dəyişib, nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə qurban getmişik.
Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində ögey analar
Ögey balaları gəzdirir indi.
Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız, anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.
Bu yalan ömrümdə
görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan, bacımsan, nənəmsən, nəsən?!..
Bircə Allah bilir, nəyimsən mənim.
Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza, nə yol, nə körpü.
Ölüsən, dirisən, hər nəsən, dayan!
Dayan, heç olmasa əlindən öpüm…
Deyirsən: “Ölüyəm, ölünü öpmə..”
Əlimin içində, soyuyur əlin.
Deyirsən: “Sən allah, əlimi öpmə,
əlimdən, deyəsən, qan iyi gəlir..”
Bu güzgüyə bir vaxt qoşa baxardıq Şeiri
Bu güzgüyə bir vaxt qoşa baxardıq,-
bu güzgüdə yerin indi boş qalıb.
Bəlkə səndən bu güzgünün canında
dodaq qalıb, kirpik qalıb, qaş qalıb?
Göz yaşların canındadı, bəlkə də
damla-damla əriyəcək bu güzgü.
Bir gün sənin ayağınla dünyada
ayaq açıb yeriyəcək bu güzgü.
Bəlkə, səni axtaracaq, gəzəcək
milyon-milyon adamların içində.
Görən kimi tanıyacaq üzünü
ən qaranlıq axşamların içində.
Qaçacaqsan bu güzgünün əlindən,
Dönəcəksən o döngəyə, bu tinə.
Adamları, maşınları, evləri
Atacaqsan bu güzgünün cənginə.
Yenə, yenə doymayacaq bu güzgü,
bir şəhəri udub, udub gələcək.
Səni gözdən qoymayacaq bu güzgü,
yeri-göyü tutub, tutub gələcək.
Sən qaçdıqca yellənəcək saçların,
Bu güzgüyə pay düşəcək saçından.
İpək donun yelləndikcə güzgüyə,
Pay düşəcək ətəyinin ucundan.
Qaçıb-qaçıb özünü yoracaqsan,
Qəfil birdən görəcəksən o daşı.
Bu güzgünü daş atıb qıracaqsan,
Bu güzgüdən dağılacaq göz yaşın.
Hər tikəsi qayıq təki üzəcək,-
dörd tərəfi göz yaşınla dolunca.
Bu güzgünün bəlkə hər tikəsindən
dodaqların çığıracaq dalınca.
…Bu da belə bir nağıldı yalandan,
Sən ki, yoxsan, getdiyin o gedəndi.
Bu güzgü də yerindədi, yerində,
Bu güzgü də yenə sağdı, bütövdü.
Sınan güzgü axı bir də calanmaz,-
bəlkə Tanrı özü görüb bu işi?!
Bu güzgünün hər tikəsi bəlkə də,
damla-damla göz yaşınla bitişib.
Bəlkə səndən bu güzgünün canında
dodaq qalıb, kirpik qalıb, qaş qalıb.
Göz yaşların canındadı hələ də,
göz yaşların qurumayıb, yaş qalıb.
Bu güzgüdən gəlib keçir xanımlar,
Özlərinə baxıb-baxıb keçirlər.
Dodağından dodaqları rəng alır,
Kirpiyindən kirpik taxıb keçirlər.
Göz yaşınla dolur, dolur gözləri,
Baxır yerə, baxır göyə ağlayır.
Bu nə dərddi-heç bilmirlər özləri,
Heç birisi bilmir niyə ağlayır…
Məni saymayanlar Şeiri
Mənim bu dünyada xoşbəxt olmağa
görən haqqım varmı?
Yəqin ki, yoxdu.
Bir gün bu dünyadan qaçıb uzağa,
deyərəm: ilahi, dünyan soyuqdu.
Deyərəm: ilahi, bu necə işdi,
tüpür günəşə də, tüpür aya da.
Ya sən bu dünyanı tamam dəyişdir,
ya özgə gözlə bax bu dünyaya da.
Bir az yağışdan kəs, bir az buluddan,
qoy bu köhnə evin damı dammasın.
Bir az sevincdən kəs, bir az ümiddən,
qarışdır dərdimə, – havalanmasın.
Özün ki həmişə göydən baxırsan,
Mən axı kiməm ki, səni aldadam.
Kefim saz olanda –
yaddan çıxırsan,
Kefim pis olanda –
düşürsən yada.
İndi ha söz qoşum aya, ulduza,
Ha deyim, bu gecə gözəl gecədi.
Bu gecə mən sənə üz tutmuşamsa,
Özün bilirsən ki, kefim necədi.
Nə çoxdu kefimə soğan doğrayan,
Kefimdən xörəkmi bişirəcəklər?
Mən axı nə şaham, nə şah oğluyam,
Məni hansı taxtdan düşürəcəklər?!
Məni saymayanı mən də saymadım,
Artdı gündən-günə saymadıqlarım.
Sən mənim başıma ağıl qoymadın,
Onların başına ağıl qoy barı.
Məni saymayanlar axmaqdı, axmaq,
Onlar nə bilir ki, axı kiməm mən?
Məni saymayanlar bir vaxt sayacaq,
Onda görəcəklər; bir yox, minəm mən
Mənimki Allaha qaldı Şeiri
Mənimki Allaha qaldı,
Alınmadım, baha qaldım,
Özüm baxa-baxa qaldım
Hamını ötürdüyümə.
Ürəyim ətdi, daş deyil,
Kipriyimdəki yaş deyil,
Sevinin, əlim boş deyil,
Gülməyin gətirdiyimə.
Gözüm yuxu yata bilməz,
Ana bilməz, ata bilməz,
Qızıl olsa çata bilməz
Tapdığım itirdiyimə.
Səni tapşırıram Ay işığına Şeiri
(güzgülü şeir)
Səni bu gecəyə tapşırıram, get,
Səni tapşırıram ay işığına.
Astaca-astaca, aram-aram get,
Çağırsam, dayanma qışğırığıma.
Düz yeri, burulma döngəyə, tinə,
Qoy hələ bir az da görüm mən səni.
Hayana gedirsən? Kimin ömrünə
Mən yola salıram ömrümdən sən?!
Gedirsən, yerişin nə qorxacaqdı,
Hardasa ulayan bir tənha it var.
Qayıtmaq istəsən, qapım açıqdı,
Hələ ay batmayıb, hələ ümid var…
……..
…Hələ ay batmayıb, hələ ümid var,
Qayıtmaq istəsən, qapım açıqdı.
Hardasa ulayan bir tənha it var,
Gedirsən, yerişin nə qorxacaqdı.
Mən yola salıram ömrümdən səni,
Hayana gedirsən? Kimin ömrünə?!
Qoy hələ bir az da görüm mən səni,
Düz yeri, burulma döngəyə, tinə.
Çağırsam, dayanma qışqırığıma,
Astaca-astaca, aram-aram get.
Səni tapşırıram ay işığına,
Səni bu gecəyə tapşırıram, get!..
Qocalıq Şeiri
Tənhalıq başlayır burdan o yana,
keçdikcə keçilməz, atam balası.
Ayları, illəri tutsan boyuna,
Çayları, çölləri tutsan boyuna,
ölçdükcə ölçülməz, atam balası.
Daha çoxlarıyla aram sərinlər,
çoxları boyuma sevinməz daha.
23 yaşımda məni sevənlər
33 yaşımda sevəmməz daha.
Mən axı nə Çöləm, nə Yol, nə Küçə,
Mən axı hamının ola bilmərəm.
Məni sevənlərdən ötrü-ölüncə
23 yaşımda qala bilmərəm.
Nə qədər sözlər var sözümdən cavan,
daha çığırmağa nəfəsim gəlmir.
Daha bu dünyada özümdən cavan
şeirlər yazmağa həvəsim gəlmir.
Kiriyir, yumşalır şeirlərim də,
qocalır misralar, sözlər mənimlə.
Dostlar cavan qalır şeirlərimdən,
qocalmaq istəmir dostlar mənimlə.
İlahi, qocalıq buymuş deməli,
dostlardan səssizcə qırılır adam.
Ömür bir bulanıq suymuş deməli,
ömür azaldıqca durulur adam.
İçimin-çölümün yuyulur pası,
sətirlər göyərir bu ağ varaqda.
Nə çoxmuş ürəklə əlin arası,
nə yaxşı, ölmədim bu aralıqda.
Sözlər ürəyimdən əlimə yetdi,
bir azca soluxdu-soldu, nə olar.
Bir azca şaxlığı-şuxluğu itdi,
heç kəs qınamasın, yoldu, nə olar
Daha balta kəsməz ağlım kəsəni,
dünyanın dadını bilirəm daha.
Bu qoca dünyada hər nəfəsimi
ağacdan meyvətək dərirəm daha.
Son nəfəs dünyada hər şeydən şirin,
şair də qocalır, ölür, bilirəm.
Sözündən qan iyi gələn şairin
ağzından süd iyi gəlir, bilirəm.
Bu dünya bir qaynar qazanmış demə,
söndürməz odunu nə qar, nə yağış.
Dünyayla dalaşmaq asanmış demə,
çətini dünyayla barışmağımış…
Dünya şeiri
Mənim balam, bu dünyayla oynama,
Sən cavansan, dünya qoca dünyadı.
Düşmən nədir? Dost evini dost yıxar.
Bilən bilir dünya necə dünyadı…
Ömrə, günə etibar yox əzəldən,
Bir də dönüb yarpaq olmaz xəzəldən,
Beşiyindən bizə tabut düzəldən
Bələyindən kəfən tikən dünyadı.
Kim nə anlar bu zalımın işindən,
Çoxlarını keçribdi dişindən,
Möhkəm yapış papağından, başından,
Başdan papaq alıb qaçan dünyadı.
Ramiz Rövşən şeirləri
Bənzər şeirlər:
Axtarış sözləri: ramiz rövşən şeirləri,ramiz rövşən sevgi şeirləri,ramiz rövşən ayrılıq,ramiz rövşən ata şeiri,ramiz rövşən şeir,ramiz rövşən dünya,ramiz rövşən şerləri,şeir ramiz rövşən,ramiz rovsen yagis yuyur gun qurudur,ramiz rovsen seirleri,ramiz rövşen şeirleri
