Müəllimlər gününə həsr olunmuş bir-birindən gözəl şeirlər toplusu
“Müəllim Ömrü” şeiri
Müəllif: İbrahim Yusifoğlu
Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü ömürlərə paylanan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü.
Həlimlik gözünün qarasındadı,
Əzizlik qəlbinin parasındadı.
Hər an şagirdlərin arasındadı,
Kövrəlmiş bir səsdi, müəllim ömrü.
Günəş hərarətli, dağ vüqarlıdır,
Saçları dalğındı, bəyaz qarlıdı,
Övladlı, nəvəli, gözəl yarlıdı,
Mehriban bir kəsdi müəllim ömrü.
Həyatda hər zaman gözləri toxdu,
Ürək ovsunlayan sözləri çoxdu.
Dünyanın varında istəyi yoxdu,
Odlu bir nəfəsdi müəllim ömrü.
Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü ömürlərə paylanan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü.
“Mənim sevimli müəllimim” şeiri
Müəllif: Elvin Elxanoğlu
Dağ başında ağ qarmısan,
Allı-güllü baharmısan,
Ürəyimə iz salmısan,
Mənim sevimli müəllimim.
Sən elminlə dəryamısan,
Arazmısan, Qoşqarmısan,
Sözlərinlə ucalmısan,
Mənim sevimli müəllimim.
Səni şöhrət,şan bilmişəm,
Elmimdə arxam bilmişəm,
Sanki öz anam bilmişəm,
Mənim sevimli müəllimim.
“Müəllim” şeiri
Müəllif: Bəxtiyar Vahabzadə
Ey hörmətli müəllim,
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə
Sənin meyvələrin var.
Əkdiyin ağacların
Gülü, çiçəyi solmaz.
Dünyada sənin kimi
Barlı bağban tapılmaz.
5 Oktyabr Müəllimlər Günü Haqqında Məlumat
“Müəllim” şeiri
Müəllif: Rəhim Qurbani Kazım oğlu
Müqəddəsdir müqəddəslər içində,
Öz işində bir ustadir müəllim.
Halal zəhmətilə fəxr edər gundə,
Biganə işlərə yaddır müəllim.
Bir parlaq günəşdi,o sönən deyil,
Xeyirxah əməldən,o dönən deyil.
Əgər dindirməsən,o dinən deyil,
Dinəndə alovdur,oddur müəllim.
Nəzər salaq gələcəyə,keçmişə,
Bəxş edibdir hər yetənə bir peşə.
Böyük aqillər də deyib həmişə,
Ən yüksək, şərəfli addir müəllim.
Müəllimlər gününə aid şeirlər toplusu
“Mənim əziz müəllimim” şeiri
Müəllif: Təhminə Hümbətova
Bu gün Sizin gününüz,
Sevinc dolu bayramdır.
Qəlbimizdə hər sözünüz,
Qayğınız bizə doğmadır.
Müəllim adınızla,
Daim ucalasınız.
Örnək həyatınızla,
Nümunə olasınız.
Mənim gözəl müəllimim,
Təbrik edirəm Sizi.
Bircə arzum var mənim,
Qazanım sevginizi.
“Müəllim” şeiri
Müəllif: Şirin Xanım Kərimbəyli
Müəllim gözə çıraq,
Dilimizə bəzəkdir.
Elimdən verər soraq,
Kitablara özəkdir.
O səadət işığı,
Bəxtimizin özüdü,
Sabahın yaraşığı,
Xoş həyatın gözüdür.
Onun dilindən qopan,
Hər kəlmə dür, incidir.
Biliklə haqqa çapan,
Dünyanın sevincidir.
Müəllimdir bu günün,
Gələcəyin kamalı.
Ən xoş sədanın, ünün,
Onunladır amalı.
“Müəllim” şeiri
Müəllif: Rafiq Yusifoğlu
Müəllimdən öyrəndik
Oxumağı, yazmağı,
Qəlbimizin səsinə
Hər an qulaq asmağı.
O, yeni həyat verir
Hər kəlməyə, hər sözə.
Yerin, göyün sirrini
Odur öyrədən bizə.
Müəllim göstərir ki,
Nə düzdür, nə əyridir.
O bizə ləyaqətlə
Yaşamağı öyrədir.
Hamımıza sevdirir
Ana yurdu o insan.
Qəlbimizdə həmişə
Yanan nurdu o insan…
Müəllim ömrü şeiri
Müəllif: Bilinmir
“Həyatın mənası, sirri nədədir”-
Fikrim o sehirli sözlərindədir.
Elə bil çıraqdır müəllim ömrün,
İşığı bir nəslin gözlərindədir.
Əkdiyi pöhrələr gül açan zaman,
Təzədən doğulur, yaşayır insan.
Gözəl arzuların qoy gülsün sənin,
Ay əziz, əbədi ilk müəllimim…
Mən sənin ömrünü bənzədim nəyə,
Nə deyim səndəki yanan ürəyə?!
Neçə gül balanın tutub əlindən,
Çatdırdın bir parça halal çörəyə…
“Müəllim” şeiri
Müəllif:Bəxtiyar Vahabzadə.
Müəllim! Gözəldən gözəldir bu söz-
Körpə könüllərdə məşəl yandıran!
Hələ yazılmamış, hələ qırışsız,
Hamar beyinləri cilalandıran.
Müəllim! Tez durub gec yatanımsan,
Bu gün, sabahımı yaradanımsan!
Mən bir toxum idim, sabahım-sirdi.
Mənə şəkil verən, rəng verənimsən.
Məni bu dünyaya anam gətirdi
Sənsə bitirənim, yetirənimsən.
Müəllim! Düşüncə güllərimizi
Əqlilə suvaran bir bağban oldu.
Endirdi yerlərə atamız bizi
Müəllim-göylərə qaldıran oldu.
“İlk Müəllimim” şeiri
Müəllif: Bilinmir
Ömrümə bir çıraqsan,
Arzuma bir soraqsan,
Yaddan çıxmayacaqsan,
mənim ilk müəllimim.
Anamın laylasısan,
Qəlbimdə qalasısan.
Könlümün qalasısan,
mənim ilk müəllimim.
Bağbansan, bar dərənsən,
Gül – çiçək becərənsən.
Gözlərə nur verənsən,
mənim ilk müəllimim.
Bir gün getsən əllərdə,
Sözün qalar dillərdə.
Yaşarsan könüllərdə,
mənim ilk müəllimim.
Bənzər mövzular:
Axtarış sözləri: muellimler gunune aid seirler,5 oktyabr müəllimlər günü şeir,muellimler gununuz mubarek,müəllimlər günü şeir ,muellimlere aid seirler,müəllimə aid şeir 2023,Muellime aid seirler yazili,müəllimə aid gözəl şeirlər,məllimlər gününə aid şeir ,müəllim haqqında şeir,müəllimlər gününə aid şeirlər,5 oktyabr muellimler gunune aid seirler,müəllimlərə aid şeirlər,5 oktyabr muellimler gunu haqqinda seirler
Ömrümə bir çıraqsan,
Arzuma bir soraqsan,
Yaddan çıxmayacaqsan,
Mənim ilk MÜƏLLİMİM.