Mən məktəbə gedirəm Şeiri
Müəllif: Rafiq Yusifoğlu
Mən məktəbə gedirəm,
Təptəzə dostlarım var.
Çantamda dəftər, kitab,
Ürəyimdə arzular.
Mən məktəbə gedirəm,
Güc gəlir qollarıma.
Mənim ilk müəllimim
Göz dikib yollarıma.
Mən məktəbə gedirəm,
Sevinir, ellər gülür.
Qanadım yoxdur uçam,
Əlimdə güllər gülür.
Mən məktəbə gedirəm,
Ah çəkir yoldan ötən.
Övladların boy atır,
Gözlərin aydın, Vətən!
Biz məktəbə hazırıq! Şeiri
Müəllif: Həqiqət Rzayeva
Məktəbə gedəcəyik,
Bizdə səhərdən.
Ayrılmarıq bircə an,
Kitab-dəftərdən.
Ana Vətən yazırıq
Biz məktəbə hazırıq!
İncitmirik heç kəsi,
Dostumuzdur uşaqlar.
Uğurlu yol söyləyir,
Sevimli oyuncaqlar.
Ana Vətən yazırıq,
Biz məktəbə hazırıq!
Sevəcəyik məktəbi,
Sevəcəyik bağça tək.
Bizə ümid bəsləyir,
Vətən böyük gələcək.
Ana Vətən yazırıq,
Biz məktəbə hazırıq!
İlk dərs şeiri
Müəllif: Bəxtiyar Vahabzadə
Bu gün yeni dərs ili
Başlanır… səhər-səhər
Məktəblərə yollanır
Al yanaqlı körpələr
O dalında çantası
Gedən uşağa bax bir
Əlində bir dəstə gül
O, məktəbə tələsir
Sevinc sığışmır onun
Bugünkü hər anına.
Bu gün ayaq basacaq
Məktəb pilləkanına.
15 Sentyabr Bilik Günü Təbrikləri , İlk dərs günü təbrik mesajları
Müəllim Şeiri
Müəllif: H.Abbaszadə
Əldə qələm tutmağı
Bizə sən öyrətmisən.
Möhkəm addım atmağı
Bizə sən öyrətmisən.
Heç zaman unutmarıq
Böyük əməyini biz.
Ey mehriban dostumuz,
Əziz müəllimimiz.
Gəlib doğma məktəbə,
Biz səndən dərs alırıq.
Alışırıq zəhmətə,
Boy atıb, ucalırıq.
Məktəb yolları Şeiri
Müəllif: Xanımana Əlibəyli
Yollar dünyada çoxdur,
Sayı-hesabı yoxdur:
Bostan yolu, bağ yolu,
Aran yolu, dağ yolu…
Bir yol var ki, dünyada
Onu getmirsən hədər.
Həmişə düşür yada,
Qoca olana qədər.
Bax uşaqla doludur,
Bu yol məktəb yoludur.
Müəllim ömrü Şeiri
Müəllif: Musa Yaqub
Saatlar…Otaqlar…
Hə,bu da bir gün…
Siniflər…Uşaqlar…
Hə,bu da bir gün…
Yenə zəng çalındı,çölə,içəri…
Ərit saatları,dəqiqələri.
Bir sinif dünyadır öz aləmi var,
O, oxşar ayları, illəri sayıb.
Bəzən on beş ilin müəllimi də
Sanır ki,işinə dünən başlayıb.
Demə ki, keçdiyi cığırlar kəsə,
Otaqdan başlayıb, otaqda bitər
Otuz il sinifdə vargəl edibsə,
Bəlkə də yol gedib Magellan qədər.
Atadır, anadır,
Böyük bir nəsil,
Nurunu müəllim gözündən içər.
Onu biganəlik soyudanda bil,
Bu soyuq bir nəslin canından keçər
Adam var bulanıb,elə daşıb ki,
Görməz bu zəhməti onun dar gözü.
Nadan adamların dodaqlarında
Elə ucuzlaşıb,ucuzlaşıb ki,
Tökülüb yollara müəllim sözü.
Bir nankor tələbə dönüklüyündə,
Gah itər, yadlanar müəllim ömrü.
Birinin şanında, böyüklüyündə,
Uçar, qanadlanar müəllim ömrü.
İnsanla həmyaşdır,
Ölməz,yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü.
Hamıya pay verib ömründən bir az,
Məndədir,
Səndədir
Müəllim ömrü.
Bənzər şeirlər:
- Bilik Gününə aid şeirlər 📘📕📗
- İlk zəngə aid şeirlər | 1 -ci siniflər üçün – Oxubil.info
- Müəllimə aid şeirlər, Müəllimlər günü üçün şeirlər – 1001 Güzel Söz
Açar sözləri: məktəbə aid şeirlər yazılı,birincilərə aid şeirlər ,birinci sinifə aid şeirlər , mektebe aid usaq seirleri,mektebe aid seirler yazili,sevimli məktəb şeiri , məktəbə aid uşaq şeirləri, mekteb haqqinda seirler, mekteb haqda seirler
[…] Məktəbə Aid Şeirlər […]